Liderlərin Vaşinqton görüşü parlamentin sabiq sədrini də dilə gətirdi

12:49 11.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu sənəd dünya iqtisadiyyatına yeni nəfəs, yeni texnologoiyalar və ekstra stabillik verə bilər” - Rəsul Quliyev

“ABŞ-ın iştirakı və imzası ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənədin Azərbaycan, o cümlədən Ermənistan üçün çox mühüm əhəmiyyəti var. İlk növbədə Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsi bərpa olunur. Başqa sözlə, ölkə vahidləşir. Ancaq bu, aysberqin burnudur. Onun kökünün strateji əhəmiyyəti 100 dəfələrlə möhtəşəmdir”.

Hafta.az xəbər verir ki, bu fikirləri hazırda ABŞ-da yaşayan Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev özünün sosial şəbəkə hesabında yazıb.

R.Quliyev bildirib ki, bu saziş işləməyə başlayan gündən Ermənistanın qazancı Azərbaycandan az olmayacaq:

“Siyasi nöqteyi-nəzərdən, hər iki ölkə ağressiv Putin Rusiyasından xilas olacaq. Sözsüz ki, Rusiya Azərbaycanda, daha çox Ermənistanda xaos yaratmağa çalışacaq. Azərbaycanda bu mümkün deyil, çünki ölkəmiz öz qüdrətini artıq göstərə bilib və onu Türkiyə, Pakistan və İran kimi dostları, həmçinin Yəhudi dünyası ciddi dəstəkləyir. O cümlədən Türk dünyasının Qazaxstan, Özbəkistan, Qırqızıstan və Türkmənistan ölkələri də dəstəkləyənlər içərisindədir. Bu, 600 milyona yaxın, başqa sözlə dünya əhalisinin 10 faizə yaxın əhalisinin mövqeyidir, onu iqnor etmək mümkün deyildir. Ermənistanın Kocaryan, Sarkisiyan və onların ətrafındakı azsaylı neofaşistləri Rusiyanın pulu ilə ölkələrini həmişə sata bilərlər. Ancaq bu saziş sözsüz Paşinyanın vəziyyətini xeyli gücləndirdi”.

R.Quliyev siyasi deklorasiyanın digər əhəmiyyətli tərəflərini də önə çəkib:

“Bu sənədə demək olar ki, dünyanın tanınmış ölkələrinin yarısından çoxu müsbət qiymət verdi, Azərbaycan və Ermənistanı təbrik etdilər. Bu sənəd regionda yaranacaq stabilliyə start verdi və Qafqaz regionunda siyasi abu-havanı, o cümlədən Dağıstan, Çeçenistan, İnquşetiya , Abxaziya və Cənubi Osetiyaya düşünüb daşınmaq şəraiti yaratdı. Sənəd Azərbaycan-Ermənistan əlaqələrini normallaşdıra bilər.

İqtisadiyyat baxımından ilk növbədə Ermənistanın İrandan başqa Türkiyədən də dünyaya qapısını açacaq. Ermənistanın exsport potensialı zəifdir, yəni xaricə satacaq elə bir malı yoxdur. Ancaq kiçik bizneslərini inkişaf etdirə bilərlər. Bu yol ipək yolunun şah damarına çevrilə bilər. Bir çox mallar Asiya bazarından, o cümlədən Çindən Qazaxıstan və Tükmənistan portlarına, oradan Azərbaycana və dəmir yolu vasitəsilə həm də Ermənistandan keçməklə Avropa bazarına çıxa bilər. Bahalı və qeyri-stabil Rusiya yolundansa, bu yol bütün ölkələrə daha sərfəli olar. Sözsüz, bu işləri görmək üçün çox böyük investisiya qoyulmalıdır. Portlar müasir texnologiya ilə genişləndirilməli, bəlkə də 10 ildən sonra 2-ci xətt dəmir yolu tikilməlidir”.

R.Quliyev qeyd edib ki, Ermənistan bir çox enerji məhsullarını daha ucuz Azərbaycandan import edə bilər:

“Azərbaycan ipək yolu layihəsinin əsas iştirakçısına cevrilməlidir. Bu layihələri həyata keçirmək üçün dollar ekvivalentində 100 milyardlar pul xərcləmək lazım gələcək. 10 minlərlə adam özünə yeni iş yerləri tapacaq. Milyard dollarlar əmək haqları veriləcək. Bir sözlə, bu sənəd dünya iqtisadiyyatına yeni nəfəs, yeni texnologoiyalar və ekstra stabillik verə bilər. Bu, prosesin başlanığıcıdır. Ümid edirəm ki, maksimum 30 ilə bu gün gedən bu prosesin möhtəşəm bəhrəsi görünəcək”.